Baş İcraçı Direktorun Müraciəti

"Agro Dairy" qrupunun əsası, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaqların bərpası və aqrar sahəyə innovativ yanaşmaların gətirilməsi məqsədilə qoyulmuşdur. Bu gün "Agro Dairy" təkcə kənd təsərrüfatı deyil, toxum emalı, yem istehsalı, heyvandarlıq, süd və ət istehsalı sahələrində də fəaliyyət göstərərək Azərbaycanın aqrar sənayesinin aparıcı iştirakçılarından birinə çevrilmişdir.

Ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməkdən və milli aqrar sahənin əsas inkişaf istiqamətlərinin formalaşmasında iştirak etməkdən qürur duyuruq. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, sahənin inkişafını sürətləndirən innovativ yanaşmaların tətbiqi komandamız üçün əsas motivasiya mənbəyidir. 

Uğurlarımızın əsasında insan kapitalına və qabaqcıl texnologiyalara davamlı yatırımlarımız dayanır. Toxum istehsalından başlayaraq süd və ət məhsullarının istehsalına qədər olan bütün fəaliyyət zəncirində keyfiyyət və innovasiya bizim əsas prioritetlərimizdəndir. Ölkənin aqrar əmək bazarında peşəkar kadrların yetişdirilməsi və bu sahəyə olan marağın artırılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz idxalın yerli istehsalla əvəz edilməsini hədəflədiyimiz kimi, bütün fəaliyyət sahələrimizdə də yerli mütəxəssislərin daha fəal rol oynamasını dəstəkləyirik.

Müxtəlif sahələri əhatə edən genişmiqyaslı layihələrimiz vasitəsilə regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı və infrastrukturun gücləndirilməsinə töhfə vermək əsas məqsədlərimizdəndir.

Qarşıda bizi çətin, lakin böyük perspektivlər vəd edən hədəflər gözləyir. Əminik ki, formalaşdırdığımız peşəkar komanda və strateji baxışımızla bu hədəflərə nail olacağıq.
Hörmətlə
Niyazi Əmirbəyov