Agrodairy Azərbaycanda
ən etibarlı

grain

Hazırda həm istehsal, həm də saxlama zamanı ciddi beynəlxalq keyfiyyət standartlarına riayət edərək buğda, arpa, qarğıdalı, yem (quru ot/silos) və şəkər çuğunduru istehsal edirik; beləliklə dəyərli müştərilərimizi yalnız yüksək keyfiyyət ilə təmin edirik.

Yığdığımız məhsulu öz silos quyularımızda saxlayırıq və tender yolu ilə satırıq. Agrodairy-nin məhsullarına və markasına etibar və inam yaratmaq üçün ən yüksək standartlara, ən şəffaf satış üsullarına sadiqik.

BUĞDA

Balaton

Orta tez yetişən, qılçıqsız payızlıq buğda sortudur. Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkəti tərəfindən yaradılmışdır. Azərbaycanda sınaqdan uğurla keçmiş və 2018-ci ildən dövlət qeydiyyatına alınmışdır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Aqrofitosenozda kollanması və sıxlılığı yüksəkdir, sünbülün məhsuldarlığı ortadır, 1000 dənin kütləsi 40 qram hüdudundadır, yerə yatmaya, dənin tökülməsinə, sarı və qonur pasa  qarşı davamlıdır. Erkən əkmək tövsiyə edilir.

Gallio

Orta tez yetişən, qılçıqlı payızlıq buğda sortudur. Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkəti tərəfindən yaradılmışdır. Azərbaycanın suvarılan quru isti iqlim zonalarında son 4 ildə sabit məhsul verimini təmin etmişdir. Sort erkən sünbülləmə və yetişməsi ilə xarakterizə olunur. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Unlu şehə, sarı pasa və fuzarioza qarşı davamlıdır. Dənin dolması dövründə yerə yatmaya davamlıdır.

Gaudio

Alçaqboylu qılçıqlı payızlıq buğda sortudur. Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin seleksiyasıdır. Azərbaycanın Samux, Ceyrançöl və Padarçöl ərazilərinin torpaq-iqlim şəraitində orta tezyetişəndir. Yüksək potensial məhsuldarlığı və quraqlığa davamlılığı ilə xarakterizə olunur. Balaton sortu kimi, erkən və sıx əkilməsi tövsiyə olunur.

Qobustan

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyasıdır. Orta boylu (90-100 sm), yatmaya davamlı, tezyetişən sortdur. Sünbülü yetişmə zamanı əyilən, uzun, orta sıxlıqda olmaqla ağ rəngdədir. Qılçıqları ağ, kobud və dişlidir. Dəni orta irilikdə, şırımın xarakteri dayaz, rəngi ağ, yarıyumru, qayəsi tüklüdür. Yüksək texnoloji və çörəkbişirmə keyfiyyətinə malikdir. Sort dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə davamlıdır.

Murov 2

Sort Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyasıdır. 2011-ci ildən Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Orta boylu (90-100 sm), yatmaya qarşı əsasən davamlı, orta yetişən sortdur. Sünbülü ağ rəngdə, qılçıqsız. Sortun dəni iri, qırmızı rəngdə, yumurtavari formada olmaqla şrımın xarakteri dayaz və qayəsi tüklüdür. Yüksək texnoloji və çörəkbişirmə keyfiyyətinə malikdir. Sort sarı pasa qarşı orta davamlıdır.

Qırmızıgül

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır. 2011-ci ildən seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Sort qısa boylu (74-84 sm), gövdəsi möhkəm, yatmaya tamamilə davamlıdır. Yüksək arxitektonikaya malikdir. Sünbülü düz, qısa, qırmızı rəngdədir. Qılçıqları qısa, dağınıq və tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə qarşı davamlıdır. Suvarma şəraitində optimal müddətdə (oktyabrın 2-ci və 3-cü ongünlüyü) əkilməsi tövsiyə edilir.

 Aran

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır. 2009-cu ildən Seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Sort orta boylu (96-102 sm), yatmaya əsasən davamlı, orta gecyetişəndır. Sünbülü qılçıqsız, düz, qısa, ağ rəngdədir. Sortun dəni orta irilikdə, qırmızı rəngdə, dənin qayəsi tüklü, şırımın xarakteri dayaz, forması yumrudur. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Sortun çörək keyfiyyəti yüksəkdir. Göbələk xəstəliklərinə və quraqlığa orta davamlıdır. Suvarma şəraitində optimal səpin müddəti oktyabrın ikinci və üçüncü ongünlüyü hesab edilir.

Maurizio

Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkəti seleksiyasıdır. Yeni, tezyetişən, yüksək potensiallı və çörəkbişirmə keyfiyyətinə malik olan sortdur. Sort-yaxşılaşdırıcı qrupa daxildir. Yatmaya və sarı pasa qarşı davamlılığı ilə fərqlənir. Yüksək zülal və qlütenlə uzlaşmış yaxşı iri və dolğun dəndir.

Topkapı

Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin seleksiyasıdır. Tezyetişəndir, sünbülü ağ, dəni qırmızı rəngdədir. Yüksək potensiallı və çörəkbişirmə keyfiyyətinə malik olan sortdur. Yatmaya və sarı pasa qarşı davamlıdır. İri və dolğun dənə malikdir.

ARPA

Payızlıq arpanın “Finola” sortu

Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin yeni çoxcərgəli payızlıq arpa sortudur. Erkən sünbülləmə və yetişməsi ilə fərqlənir. Yerli sortlardan (Qarabağ 22, Cəlilabad 19 və digərləri) 3-4 gün gec yetişməsinə baxmayaraq, nəmlik çatışmazlığı şəraitində belə məhsul vermək xüsusiyyətinə malikdir. Yerə yatması 7 bal hüdudundadır. Dəninin iriliyi, dolğunluğu natura çəkisinin yüksək olması sortun səciyyəvi xüsusiyyətlərindən hesab edilməklə Azərbaycanın quraq ərazilərində yetişdirilən digər sortlardan üstünlüyünü qoruyub saxlayır.

Payızlıq arpanın “Arcanda” (Arkanda) sortu

Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin seleksiyasıdır. İkicərgəli payızlıq arpa sortudur. Yerə yatmaya və gövdənin kövrəkliyinə qarşı yaxşı duruş gətirir. Dəninin iriliyi və naturası ilə fərqlənir. Sort əsas xəstəliklərə qarşı davamlıdır, müxtəlif hava və istehsalat şəraitinə yaxşı adaptasiya olunur. Becərmə arealı genişdir.

Payızlıq arpanın “Cəlilabad 19” sortu

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır. 2001-ci ildən seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. İntensiv tipli olmaqla yatmaya davamlıdır. Vegetasiya müddəti 177-184 gündür. Sünbülün uzunluğu və sıxlığı ortadır. Qılçıqları orta, sarı rəngdə, kobud və zəif dağınıqdır. Potensial məhsuldarlığı 6,0-7,0 tona çata bilir. Dəni orta iridir (40-44 qr). Pas və unlu şeh xəstəlikləri ilə zəif sirayətlənir. Helmintosporioz və sürmə xəstəliklərinə qarşı davamlıdır. Quraq ərazilər üçün əlverişli hesab edilir. Oktyabrın üçüncü və noyabrın birinci ongünlüyü optimal əkin müddəti hesab olunur.

Payızlıq arpanın “Qarabağ 22” sortu

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır. 2002-ci ildən seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Vegetasiya müddəti 193-210 gündür. Sünbülün uzunluğu və sıxlığı ortadır. Qılçıqları qismən uzundur. Potensial məhsuldarlığı 7,0-7,5 tona çata bilir. Dəni orta irilikdədir (42 qr). Pas xəstəliklərinə olduqca az sirayətlənir. Unu şeh və sürmə xəstəliklərinə davamlıdır. Sort eyni zamanda duza və quraqlığa davamlıdır. Optimal səpin müddəti oktyabr ayının ikinci yarısından noyabr ayının birinci yarısına kimi hesab edilir. Yüksək aqrofonda becərməyə həssasdır.

Payızlıq arpanın “Dəyanətli” sortu

Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır. 2009-cu ildən seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Sort payızlıqdır. Boyu 96-108 sm-dir. Yatmaya, dənin tökülməsinə qarşı tam davamlı olmaqla asan döyüləndir. Sünbülü orta uzunluqda (8,0-8,5 sm), açıq sarı rəngdə və sıxdır. Qılçıqları açıq sarı, uzun, dişcikli və dağılmayandır. Dəni orta irilikdə, açıq sarı yarımuzundur. 1000 dəninin kütləsi 42-48 qr-dır. Sarı pasa orta davamlı, qonur pasa, unlu şehə və toz sürmə xəstəliklərinə qarşı davamlıdır. Oktyabrın birinci və ikinci ongünlüyü optimal səpin müddəti hesab edilir.