PAŞA Qrup şirkətlərinin təşəbbüsü, Qarabağ Dirçəliş Fondu və Ekologiya Nazirliyinin dəstəyi ilə yeni il ərəfəsində Qarbağda sosial layihəyə start verilib!
Layihənin məqsədi azad edilmiş ərazilərimizdə meşə səthinin bərpa edilməsidir. Belə ki, PAŞA Qrup şirkətlərinin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə nəticəsində Zəngilan şəhərində ümumilikdə 11000 min ağacın əkilməsi nəzərdə tutulub. Agro Dairy şirkəti də qeyd edilən layihənin icrasına cəlb olunmuşdur.
PAŞA Holding-in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov öz çıxışında hazırkı layihənin önəmini vurğulayıb və ölkənin bütün iri korporasiyalarını layihəyə qoşulmağa dəvət edib. “Ötən ildən etibarən şirkətlərimiz öz strategiyalarının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına böyük önəm verir. Yeni il ərəfəsində, Qarabağda ekologiyanın, xüsusən də meşə səthinin bərpasına həsr olunmuş təşəbbüs ilə çıxış etdik və bu ideya, həm bizim Qrupa daxil olan şirkətlər, həm də tərəfdaşlarımız olan Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müsbət qarşılandı. Bu kimi layihələrin daha da iri miqyasda davam edəcəyinə ümid edir və yaxın zamanda Qarabağın tam dirçəlməsinin şahidi olacağımıza inanırıq. Odur ki, ölkəmizin bütün iri şirkət və şirkətlər qruplarını bu təşəbbüsə qoşulmağa dəvət edirik. Gəlin bir yerdə Qarabağımızı Dirçəldək” – deyə Şahin Məmmədov tamamlayıb.
Qeyd edək ki, PAŞA Qrup şirkətləri həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə cəbhəyə dəstək yönümlü layihələr icra ediblər.